19 Ağustos 2018 Pazar

ulduz yağışları

elə bir yalnızlıqdır ki bu,
ay gələrkən gecəyə
elə bil payını unudur zülmətin.
yəni elə bir yalnızlıqdır,
təkbətəkə şeirlərin
sözsüz ünsiyyətə çevrildiyi
ən şirin məqamıdır..

yəni güzgüdə gördüyüm mənin
mənlə əlaqəsiz yanları kimi..
saxta hissləri verimsiz torpaqlara əkmək
–sevişmədən...
yalançı günəşlərin işığında böyümək,
böyüməmək,
sevişməmək sonu..
duaları cavabsız qoyana,
səni qaytarmayan ona
sözsüzləşmək!..
sənsizləşmək kimi!
–sevmirəm bunu..

indi dünəndən səslənirəm
sevdiyin o kəsin səsindən.
bu qədər gözəl olma sən,
belə bir dünyaya haqdan deyil beləsi.
sən və mən..
yenə,
yenə sən və mən!
qaranlığın ucuna qədər uzanmış gecədə
işıq saçan həşəratlara danışmaq –
səni..
baxışları tövbəyə yozub,
ehtirası üstündən çıxarmış bədəndə
gözləri ulduzlardan qaydırmaq.
ulduzları yağdırmaq dünyanda..
gecikmiş bir görüşün itkilərində
yarımçıq hissləri adsız qoymaq.
dünyanı yuxuya boğub
məsələn tək və oyaq qalmaq –
düşünmək səni,
sənin kimi...

mən sevilməyən qışların,
o ən çox üşütdürən
ən soyuğunda doğulmuşam.
getməsəydim,
sonsuzca höküm sürən
ən isti eşqlərin,
ən isti anlarında
buz çağına dönəcəkdin.
sən nə qədər sevmisən ki,
bu boyda dünyanın
zərrələrinin içindəki
o ən kiçik nədirsə,
ondanda az qalmışam.
məni elə qaralamısanki,
sanki dünyadaki bütün gedənlərin
"get" deyəni mən olmuşam.

və bir neçə qutu siqaret –günə..
soyuq çay..
bir neçə mahnı mövzudan kənar,
bir neçə ağrısızlıq –ürəyə..
səssiz gecələr,
kimsəsiz küçələrdə işıqsızlıq, işıqsızlıq..
–elə bir yalnızlıq...
bu həyatın sənsizləşməsi,
bir ölümlə bitəcək qədər –
ucuz deyil!
uzun çəkib əbədiləşməsi..
nədəki heç nə sonsuz deyil.
əsas olan, sənin göylərində
mənsiz yağan yağışlarda –
ulduz deyil.
çünki deyilməmiş bir vida ilə
buralardayam mən hələ, –
"getmə, qal" torpaqlarında...

Elcan Hidayet

Hiç yorum yok:

Yorum Gönder

Neyin neysiyle konuştuğunuzu unutun