20 Aralık 2017 Çarşamba

külqabı

Əfəndiyeva Bənövşə xanıma xitabən

…və başlanğıclara dur dedi adam...
fəzanın ulduzlarını topalayıb
qayıtdı, yaxına qoydu külqabını.
içinə qısılan soyuğa bir kibrit yandırdı.
təkliyinə bir “whiskey” daha süzdü,
içdi yenə, çəkdi yenə dumanlanıb.

ixtiyarsız bir səsə qıvrılır dözümü.
"elə bil nə vaxtsa olmusan" deyir kimsə.
kiməsə olmuş birini canlandırır özü –
susmaq qədər sükut dolu birinə.

dəcəl uşaqların səsinə həsrətdi bu ev,
dəli – dolu bir xasiyyətin kimsəsizliyinə küsmüş mən...
kimi çayımın ikinci stəkanına dəvət etsəm
sən illər sonra niyə ağlıma gəlirsən?..

üzümdə izi qalan utanmasız baxışla
nə vaxt yağışla düşsəm meşələrinə,
sənin budaqlarında quşlar oxuyardı –
yastığıma küsdüyüm o mərhəmətsiz gecələrdə.

yastığımda unutduğun gecənin,
yoxsul bir insanın ümidi qədər şansı qalıb
bizi yaşatmağa, görməmiş kimi...

sevginin nə dərdi var nə dərmanı,
nə də dünəndən gətirdiyi gələcək üçün pay.
sıfırdan başlamalar bağlasın qapısını,
heç bir sevişmə bir vidadan uzun deyil.

tüstüsünün rəngindən hisslər bilinməz.
bu nə paltar deyil, nə ayaqqabı –
...kimi dəyişməz, ...kimi alınmaz!
od yanar və sönər –
...kimi su, ...kimi torpaq, ...kimi qum.
bəlkə də boş qalmaz bu külqabı
ancaq,
açar yenə baharda hissiz çiçəklər!

Elcan Hidayet

Hiç yorum yok:

Yorum Gönder

Neyin neysiyle konuştuğunuzu unutun